“30 il müddətində üzləşdiyimiz işğal və bu problemin məhz öz hərbi gücümüzlə həll edilməsi təhlükəsizliyimizin qarantının ordu-xalq-dövlət birliyinin olduğunu isbat edib. Prezident bu böyük həqiqəti Kəlbəcər rayon sakinləri ilə görüşündə bir daha yada salmaqla, güclü qalmağımızın, özümüzü inkişaf etdirməyimizin vacibliyinə diqqət çəkdi”.
Bu barədə hafta.az-a açıqlamasında hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.
C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyevin Kəlbəcər şəhər sakinləri ilə görüşdə səsləndirdiyi “bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz” ifadəsi gücümüzün və birliyimizin yol xəritəsidir.
Ekspert vurğulayıb ki, bu ifadə dövlətimiz və ordumuz ətrafında sıx birləşməyin nə qədər zəruri olduğunu göstərir:
“Dövlət başçısı tərəfindən irəli sürülən və 44 günlük Vətən müharibəsində praktiki şəkildə öz əksini tapan bu fikir böyük həqiqəti ifadə edir. Bu və regionda cərəyan edən proeslər bizi dövlətimiz, Prezidentimiz və Ordumuz ətrafında daha sıx birləşməyə səsləyir. Bu şüar bizə xatırladır ki, özümüzdən başqa istinad edəcəyimiz, söykənəcəyimiz heç bir qüvvə yoxdur. Buna görə də biz bütün gücümüzü və səyimizi dövlətimizin və Ordumuzun daha da güclənməsinə sərf etməli, Prezidentimizin hər bir çağırışını əməli şəkildə, çox böyük məsuliyyət hissi və vicdanla yerinə yetirməliyik. Unutmamalıyıq ki, daha təhlükəsiz Azərbaycana gedən yol güclü ordudan, güclü Azərbaycandan keçir. Bunun üçün isə bizim öz üzərimizə düşən vəzifə və öhdəlikləri qüsursuz şəkildə yerinə yetirməyimiz vacibdir”.
Polkovnik eyni zamanda vətəndaşlarımızın öz ayıq-sayıqlığını qorumasının zəruriliyinə diqqət çəkib. Qeyd edib ki, Prezident çıxışı zamanı Ordumuzun modernləşdirilməsi prosesinin bu gün də davam etdiyini önə çəkib:
“Prezidebt qeyd etdi ki, Azərbaycan müasir PUA və artilleriya sistemləri alıb, eləcə də ölkəmizə yeni, modern döyüş təyyarələrinin gətirilməsi ilə bağlı müqavilələr imzalanıb. Bütün bunlar Azərbaycanın təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından atılan mühüm addımlardır. Biz də istər fərd, istərsə də cəmiyyət olaraq daim ayıq-sayıq olmalı, istənilən təhdid və təhlükə qarşısında çevik şəkildə birləşməyi, bir yumruğa çevrilməyi bacarmalıyıq. Yalnız bu şəkildə - öz təhlükəsizliyimizi təmin etməyimiz, daha böyük uğurlara nail olmağımız mümkündür”.